Beyləqan rayonunun bir neçə kəndində yanğın hadisəsi qeydə alınıb. İTV-nin Qarabağ bürosunun məlumatına görə küləkli hava şəraitində kolluq sahədə başlayan yanğın rayonun Eyvazalılar və Tatarlar kəndləri yaxınlığında yerləşən meşə massivinə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Beyləqan rayon yanğınsöndürmə bölməsinin əməkdaşları və xüsusi texnikası tam heyətlə cəlb olunub. Yanğın hadisəsi ilk olaraq rayonun yaşayış məntəqələrinin yaxınlığından keçən drenaj kanallarda qeydə alınıb. Kanallarda qamışlığın alışması nəticəsində alış sürətlə yayılıb.
Yanğın yaxınlıqdan keçən internet xətlərinə də zərər vurub. Yüksək temperatur səbəbindən kabel xətləri əriyərək sıradan çıxıb. Nəticədə bir neçə yaşayış məntəqəsində internet bağlantısında kəsintilər yaranıb. Hazırda aidiyyatı qurumlar tərəfindən ərazidə bərpa işləri aparılır.