Daxili İşlər Nazirliyi (DİN) Novruz və Müqəddəs Ramazan bayramları ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə yaşayan və bura səfər edən şəxslərə müraciət edib.
Müraciətdə qeyd olunur ki, Novruz və Müqəddəs Ramazan bayramlarını Qarabağda qeyd edən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən soydaşlarımız və ölkəmizin xarici qonaqları üçün bayram günlərinin şən əhval-ruhiyyədə və əmin-amanlıq şəraitində keçməsi məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçirilir.
Vətəndaşlar məsuliyyətli davranışları ilə bu sabitliyi daha da möhkəmləndirə bilərlər. Qarabağa sərbəst və maneəsiz səfər etmək üçün əvvəlcədən müvafiq portalda qeydiyyatdan keçmək vacibdir. Şəxsi minik avtomobili ilə səfər edən şəxslər müəyyən olunmuş marşrutlardan kənara çıxmamalıdırlar. Bundan əlavə, əraziyə tezalışan və partlayıcı maddələrin aparılması qəti qadağandır. Vətəndaşlara yalnız istirahət üçün nəzərdə tutulmuş məkanlara üz tutmaları tövsiyə olunur.