İtkin şəhid Qurban Göyüşov dəfn olundu - RTV

33 il əvvəl itkin düşmüş şəhid Qurban Göyüşov dəfn olunub. Şəhidin cənazəsi Bərdə rayonundakı Şirvanlı kəndində məskunlaşan ailəsinə çatdırılıb.

Vida mərasimində Bərdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon sakinləri, hüquq mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak edib.

Qurban Ramazanoğlu Göyüşov 26 iyun 1974-cü ildə Ağdərə rayonunun Baş Güney kəndində anadan olub. O, 12 mart 1992-ci ildə Ağdərənin azərbaycanlılar yaşayan kəndləri uğrunda gedən döyüşlər zamanı yaralanıb. Atası onu yaralı halda döyüş meydanından çıxarmağa çalışsa da, erməni silahlı qüvvələrinin həmin istiqamətdə fasiləsiz atəşi səbəbindən yaralını təhlükəsiz əraziyə aparmaq mümkün olmayıb.

Şəhidin yaxını deyib:

"İki dost olublar onlar. Bir yerdə böyüyüblər. Bir yerdə də şəhid olublar onlar. Dostu yaralı olub. Dostunu yaralı dostunu çıxartmaq istəyəndə o da orda şəhid olub. Yağı düşmən onu orda qoymağını inanmırdım. Şükür ki, çox sağ olsun cənab Ali Baş Komandanımız və Müzəffər ordumuz. Biz getdik, onun döyüşdüyü yerdən nəşini gətirdik. Şükürlər olsun ki, bugünkü gündə də dəfn eləyirik."

Qurban Göyüşovun qalıqları antiterror əməliyyatlarından sonra yaxınları tərəfindən atasının onu qoyduğu ərazidə aşkarlanıb. Qurban Göyüşov Ağdam rayonu Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.