Abşeron rayonunda kişi həyat yoldaşını küçədə döyüb. Hadisə rayonun Atyalı yaşayış massivindəki avtobus dayanacağında baş verib.
2016-cı ildə ailə həyatı quran cütlüyün dörd övladı var. Ailədə narazılıq yarandığı üçün qadın övladlarını da götürüb atasının yaşadığı evə gedib və geri qayıtmayıb. Cavid onun geri qayıtmasını istəsə də qadın bu təklifdən imtina edib.
Bir neçə gün öncə qadın doqquz yaşlı qızını məktəbdən gətirərkən dayanacaqda Caviddlə rastlaşıb. Cavid uşağı ilə görüşmək istəyəndə qadın buna mane olub və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Cavid dayanacaqda həyat yoldaşını döyərək ona xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəlib və Bəbirov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb. İş Abşeron rayon məhkəməsinə göndərilib. Qarşı tərəf məhkəmə proseslərinə gəlməkdən və ifadə verməkdən imtina etdiyi üçün Bəbirov cinayət məsuliyyətindən azad edilib.