Lənkəranda zəncirvari qəza - RTV

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Zəncirvari qəza köhnə Ələt-Astara magistralının 205-ci kilometrliyində, Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan Vaz 21099 markalı nəqliyyat vasitəsi Mercedes Vita markalı nəqliyyat vasitəsi ilə toqquşub. Mercedes Vita idarəetməni itirərək yol kənarında hərəkətsiz dayanan özəl klinikaya məxsus təcili tibbi yardım avtomobilinə çırpılıb.

Qəza nəticəsində Gərmətük qəsəbə sakinləri - 31 yaşlı Ruslan Məmmədzadə və 29 yaşlı Eşən İbadzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Həkimlər yaralılara sol bazun nahiyəsinin küt travması, alın nahiyəsində sıyrılmış yarası və sağ döş qəfəsində küt travması diaqnozu qoyub. Hər iki yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri müvafiq şöbədə davam etdirilir.

Qeyd edək ki, qəzada əzilən təcili tibbi yardım avtomobili özəl klinikaların birinə məxsusdur və bir gün əvvəl klinikanın açılışı olub. Faktla bağlı araşdırma aparılır.