Göygöl rayonunda yerləşən Aşıqlı kənd orta məktəbində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Hadisə ötən gün Aşıqlı kəndində, Şəhid Coşqun Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində baş verib. Dərs prosesi zamanı 10-a yaxın müxtəlif sinif şagirdi özlərini pis hiss edib. Şagirdlər dərhal xəstəxanaya yerləşdirilib və onlara yardım göstərilib.
Valideynlərin iddiasına görə, şagirdlər məktəbin bufetində yedikləri qidadan zəhərləniblər. Zəhərlənən uşaqların valideyni bildirib ki, şagirdlər məktəbin bufetində qarğıdalı çubuqları yedikdən sonra halları dəyişib.
Uşaqların valideynlərindən biri bildirib:
"Zəng gəldi ki, uşağınız zəhərlənib. Mən də getdim uşaqları gətirdim balnisəyə. Dərman iynə elədilər. Şükür Allaha bu gün üçün yaxşıdırlar. Cipsi deyirlər nə deyirlər o Xruzdan, xruzdan. Deyəsən onda biraz vaxt keçmişdi nəyisə. İndi şükür yaxşıdırlar. Allahım gününə şükür."
Kənd sakinləri də zəhərlənmənin məktəbdə baş verdiyini bildiriblər. Məktəb rəhbərliyi şagirdlərə vaxtında yardım göstərdikləri üçün ciddi narahatçılıq olmayıb. Sakinlər qeyd edirlər ki, hazırda məktəbdə dərs davam edir.
Kənd sakinlərindən biri bildirib:
"Elə mən də buralarda idim. Eşitdim ki, məktəbdə bir neçə uşaqda özünü pis hiss eləyir, yəni zəhərlənmə olub. Məktəbin direktoru, sonra bu tibb bacıları, elə yaxındadır məntəqə tibb bacısı. İcra nümayəndəsi Vəli müəllim təcili yığışdılar, tədbir gördülər birinci vaxt. Bir az da belə qalan bir neçə uşağı da rayon xəstəxanasına apardılar. Yəni elə bir ciddi iş yox idi. Sağ olsunlar, təcili tədbir gördülər, məlumat verdilər."
Məktəblilər hadisə baş verən gün ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Onların vəziyyəti ilə bağlı təbib məlumat yayıb:
"Günorta saatlarında xəstəxananın təcili tibbi yardım şöbəsinə 10 nəfər qida zəhərlənməsi əlamətləri ilə müraciət etmişdi. Vətəndaşlara müvafiq tibbi müdaxilə göstərilmişdi. Təyin olunan müalicədən sonra vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə göndərilmişdi. Bioloji materiallardan bakterioloji müayinəsi üçün aidiyyatı tibb mərkəzinə göndərilmişdi."
Gəncə Daşkəsən regional təhsil idarəsindən bildirilib ki, hadisənin səbəblərini müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Zəhərlənmənin baş verdiyi Aşıqlı kənd tam orta məktəbinə Aktanın yerli nümayəndələri cəlb edilib. Baş verən hadisə nəzarətə götürülüb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb, nümunələr götürülərək müayinələrə cəlb olunub. Hadisənin gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumat RTV kanalından əldə edilib.