Ana üçüncü dəfə ölü uşaq dünyaya gətirdi - RTV

Gəncədə qadın ölü uşaq dünyaya gətirib. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbənin 32-ci küçəsində yaşayan şəhər sakini, 1979-cu il təvəllüdlü Aygün Qasımova yaşadığı evdə 5 aylıq ölü uşaq dünyaya gətirib. Qadın bildirib ki, hamiləlik dövründə daimi həkim nəzarətində olub və onun səhhətində problem olmayıb. Hadisə baş verən gün narahat olduğu üçün həkimə gedərək yoxlanıb. Elə hadisə də qadın həkimdən qayıdandan sonra evdə baş verib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının məlumatına əsasən, 4 mart 2024-cü il tarixində saat 02:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gəncə şəhəri, Məhsəti qəsəbəsi 32 ünvanından çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1979-cu il təvəllüdlü şəxs 5 aylıq hamiləlik səbəbindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, bu ananın beşinci hamiləliyi olub. 47 yaşlı Aygün Qasımovanın əvvəlki hamiləliyində də iki övladı ölüb. Hazırda qadının 18 və 23 yaşında iki oğlu var. Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.