Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı yeniyetmənin məhkəmə prosesi başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində qətlə səbəb kimi anasının TikTok-da tanımadığı şəxslə səmimi yazışmasını göstərib. Bu yazışmaları görən yeniyetmə Kifayət Lətifovaya 15 bıçaq zərbəsi endirib. Məlum olub ki, yeniyetmə qətldən öncə ChatGPT ilə söhbətləşib. Onun telefonuna baxış keçirilən zaman ChatGPT ilə yazışmaları aşkar olunub. Həmin mesajlarda təqsirləndirilən şəxs süni intellektdən anasını öldürməsinin üsulu və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu soruşub. Hadisə zamanı onun atası və qardaşı evdə olmayıb. O, daha sonra qonşuluqda yaşayan əmisi gilə gedib və anasını öldürdüyünü deyib. Yeniyetmə əməlindən peşman olduğunu qeyd edib.