Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlər nəticəsində insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülalıyeva həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Rima Gülalıyeva xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur.
Gülalıyeva tamah məqsədi ilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə xarici ölkəyə aparıb. Zərər çəkmiş şəxslər qorxu və məcbur etmə yolu ilə nəzarətdə saxlanılıb. Onların ümumi vətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.
İstintaqla həmçinin müəyyən edilib ki, Gülalıyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 və 8 min ABŞ dolları aralığında satıb. Bundan sonra həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl, zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.
Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə Rima Gülalıyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.