Tərtər rayonunda qadın doğuş zamanı ölüb. Hadisə martın 12-si saat 23:00 radələrində Tərtər rayon mərkəzi xəstəxanasında qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü Hacıqərvən kənd sakini Röya Zahir qızı Allahverdiyeva doğuş zamanı vəfat edib. Yeni doğulan körpənin həyatını xilas etmək mümkün olub.
Mərhumun atası bildirib ki, dörd saat doğuş olub. Düz beş saat bizi aldadıblar ki, bu dəqiqə uşağı da göstəririk sizə, anasını da göstəririk. Təzədən görmüşəm ki, dəqiqə başına bir həkim gətirirlər, dünya dağılır, nə bilim nə iş görürlər. Xahiş eləmişəm ki, mənə deyin, mən uşağımı ayrı yerə aparım, nə isə bir həkim çağırım. Zəng eləmişəm səhiyyəyə, 102-yə. Səhiyyədən təzədən Bərdədən komanda göndəriblər, qan göndəriblər. Burda nə qan olub, nə bir şey olub. Mən Tərtərin baş həkimini zorla-zora çağırtdırdım. Bax eləcə də balamı öldürdülər, verdilər əlimə. Balamı öldürdülər.
Mərhumun qayınatası bildirib ki, qanaxmanın nəticəsində gəlinim dörd saat saxlayıblar orda, heç bir həkim köməkliyi olmayıb. Saat 10-da mən gəldim çatdım, dedilər ki, artıq gecdir. Cərrah çağırıblar üstünə, Bərdədən həkim qrupu çağırıblar. O da gəlib deyib ki, bu xəstəni öldürəndən sonra məni nəyə çağırmısınız bura?
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.