Baş nazir qərar imzaladı - RTV

Azərbaycan Respublikasının kişi cinsi vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası təsdiqlənib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qayda səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində cari ildə 15 yaşı tamam olan, 18 yaşınadək Azərbaycan Respublikasının kişi cinsi vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydasını müəyyən edir.

Çağırışa qədər yaş həddində olan vətəndaşların xidmətin strukturuna daxil olan qurumlarda ilkin hərbi qeydiyyata alınması, onların müddətli həqiqi hərbi xidmətə yararlılığının ilkin olaraq müəyyən olunması, hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş şəxslərin müalicəsinin təşkil edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırış resursunun formalaşdırılması məqsədilə həyata keçirilir.

Çağırışa qədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması hərbi vəzifə ilə bağlı öhdəliyin yerinə yetirilməsidir. Hər il yanvar-may ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsi vətəndaşları yaşayış və ya olduğu yer üzrə xidmətin strukturuna daxil olan qurumlarda bu qaydaya uyğun ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Çağırışa qədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması bu sənədlər əsasında həyata keçirilir: doğum haqqında şəhadətnamənin sürəti, ailə tərkibi haqqında arayış, təhsil haqqında sənəd, təhsil və ya iş yerindən arayış, tərcümeyi-hal, 6 ədəd 3x4 ölçüdə fotoşəkil. Göstərilən sənədlərin elektron hökumət informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir.