İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla artıq ödənilmiş, düzgün tətbiq edilməmiş və ya səhv ödənilmiş inzibati cərimələrin qaytarılması qaydası müəyyən edilib.
Artıq ödənilmiş inzibati cərimə dövlət büdcəsindən və inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tamamilə qaytarılacaq.
Artıq ödəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və ya inzibati cərimə ödəyən digər şəxsin yazılı və ya elektron müraciətinə əsasən 20 gün müddətində qaytarılacaq. İnzibati cərimənin qaytarılması ilə bağlı məhkəmə qərarı qanunvericiliyə uyğun icra ediləcək. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya inzibati cərimə ödəyən digər şəxs artıq ödəmənin qaytarılmasını inzibati cərimənin ödənildiyi tarixindən 5 il müddətində tələb etmək hüququna malikdir.