Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə HÖKM OXUNDU - RTV

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qəmbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən İlkin Qəmbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qəmbərov və Vüsal Ağayev Dövlət Təhlükəsizlik Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunub. Onlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb.