Dövlət İmtahan Mərkəzi tərəfindən 8 mart tarixində keçirilmiş buraxılış imtahanı şagirdlər arasında narazılığa səbəb olub. Şagirdlərin əksəriyyəti imtahanın çətin olduğunu bildirir. Hazırda məktəblərdə və sosial şəbəkələrdə mövzu haqqında geniş müzakirələr davam edir.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, imtahan suallarının tərtibində əsasən üç prinsipə riayət olunur: sadə, orta və çətin. Sadə və orta suallar qismən hazırlaşan və ya orta səviyyəli hazırlaşan abituriyentlər üçündürsə, çətin suallar konkret olaraq imtahan verənlərin arasından daha yaxşı bilik və bacarıqlara sahib olanları müəyyənləşdirmək məqsədilə təyin olunur. Ekspert əlavə edib ki, təhlil etdiyimiz zaman orada hər hansı bir sualın Təhsil Nazirliyinin məktəb proqramından kənarda olması və ya Dövlət İmtahan Mərkəzinin ümumi nəzərdə tutduğu tədris proqramından kənar olması faktı müəyyənləşmir. Bəzi iri həcmli mətnlər müvafiq olaraq şagirdlərin vaxt bölgüsünü düzgün bölməmələrinə nəticələndi ki, bu da onların çətinliklə üzləşməsinə gətirib çıxardı.
Ekspertin sözlərindən bu nəticəyə gəlmək olar ki, imtahanda təqdim olunan sualların hamısı qaydalara uyğun tərtib olunub. İmtahanın çətin olub-olmadığı nəticələr açıqlandıqdan sonra məlum olacaq.