Gəncədə qətl hadisəsi baş verib. Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan, əslən Kəlbəcər rayon sakini olan 44 yaşlı Elçin Nağıyev güllələnərək qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, Elçin Nağıyevi 17 yaşlı yeniyetmə oğlu Kənan Nağıyev odlu silahdan atəş açaraq qətlə yetirib. Mərhumun yaxınları bildiriblər ki, hadisə gecə saat 2 radələrində olub. Qohumlar mərhumun nümunəvi ailəsi olduğunu qeyd ediblər. Yaxınların sözlərinə görə ailənin bu günə qədər heç bir problemi olmayıb.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində atası 44 yaşlı Elçin Nağıyevi qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı Kənan Nağıyev saxlanılıb. Baş verən hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu məlumat yayıb. Məlumata görə, martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Elçin Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, qətlə yetirilən Elçin Nağıyev Daşkəsən rayonunun Quşçu kəndində fəaliyyət göstərən Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində çalışırmış. Hadisəni törədən Kənan Nağıyev isə həmin məktəbin 11-ci sinif şagirdi olub. Qətlə yetirilən Nağıyev ixtisasca idman müəllimi olub. Ailə əslən Kəlbəcər rayonundandır. Hazırda şəhərin Gülüstan qəsəbəsində məskunlaşıblar. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.