Güclü yağış fəsadlara səbəb oldu - RTV

Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub. Ötən gündən yağmağa başlayan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində və bir neçə küçəsindən sel keçib. Qəsəbənin Müşfiq Adıgözəlov küçəsini isə sel basıb. Güclü yağışdan sonra gələn sel suları qəsəbədə piyadaların və avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb.

Qəsəbə sakinləri bildiriblər ki, nə vaxt yağış yağdı, onların yaşadıqları küçə sel sularının altında qalır. Küçəyə dolan sel suları ondan artıq fərdi yaşayış evinə ziyan vurub. Sakinlər yaşadıqları qəsəbənin küçəsinin sel suları basması səbəbi ilə bağlı artıq aidiyyəti qurumlara məlumat veriblər. Sakinlər bildirirlər ki, suyun gediş qapısını bağlayıblar və deyirlər ki, bura bizimdir, zəbt ediblər. İndi hələ suyumuz biraz azdır, biraz çox yağan kimi bütün dolur evlərə. Nə gediş olur, nə gəliş olur, uşaq bağçaya gedir, məktəbə gedir, heç birinə gedə bilmirlər.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Məhsəti qəsəbəsində intensiv yağışlar zamanı yağış sularının kənarlaşdırılması məqsədi ilə 400 metr uzunluğunda yeni drenaj xətləri çəkilmiş, üç ədəd yağış barmaqlığı və nəzarət baxış quyusu inşa edilmişdir. Mövcud problem Açıq Kommunal İnfrastruktur Proqramı iki layihəsinin icrasından sonra tam həllini tapacaqdır.