Hərbi xidmətdən yayınanlara qarşı qaydalar sərtləşdi - RTV

Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının daha effektiv alınması məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişiklik edilib. Bu dəyişikliklər Azərbaycan Respublikasının 27 dekabr 2024-cü il tarixli qanunu ilə qəbul olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, yeni qaydalar Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrini, həmçinin "Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik haqqında" və "Hərbi Vəzifə və Hərbi Xidmət haqqında" qanunlarını əhatə edir.

Cinayət Məcəlləsinə edilən əlavəyə əsasən, vətəndaşın üzürlü səbəb olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, toplanışlara və ya səfərbərlik üzrə xidmətə çağırışa gəlməməsi çağırışdan boyun qaçırma hesab olunacaq. Bu, hərbi xidmətdən yayınan şəxslərə qarşı daha sərt tədbirlərin görülməsinə imkan yaradacaq.

Eyni zamanda, Miqrasiya Məcəlləsində edilən dəyişikliklərə görə, çağırışdan boyun qaçıran şəxslərin barəsində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən çıxış hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunan dəyişikliklər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli qərarında da nəzərə alınıb.