İlham Əliyev xalqı təbrik etdi - RTV

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrik RTV telekanalında yayımlanıb.

Prezident İlham Əliyev təbrikində bildirib:

"Hörmətli həmvətənlər, sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir. Hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm."

Daha sonra Prezident qeyd edib:

"Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərmağanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır."

Prezident vurğulayıb ki, Novruz ənənələrinin yad təsirlərdən qorunaraq zamanın sınaqlarından uğurla çıxması və dövrümüzə qədər yaşaması Azərbaycan xalqının şərəfli tarixi qarşısında xidmətlərindəndir. O əlavə edib:

"Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də vətənimizin hər bir guşəsində yüz illərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır."

Prezident İlham Əliyev gələcəklə bağlı ümidlərini ifadə edərək deyib:

"Əminəm ki, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizə arzularımızı uyğun qurmaq şövqümüzü daha da artıracaq və biz əzmimizlə azadlığına qovuşduğumuz əzəli yurd yerlərimizi aydın səma altında gözəlliklər məskəninə çevirəcəyik."

Təbrikini yekunlaşdırarkən Prezident xalqımıza arzularını çatdırıb:

"Qoy qarşıdan gələn Novruz bayramı qəlblərinizi nurla doldursun. Hamınıza xoş bahar əhval-ruhiyyəsi bəxş etsin. Evinizə, ocağınıza əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət gətirsin. Bayramınız mübarək olsun."