Millət vəkili Elçin Mirzəbəyli İran rejiminin Azərbaycanın hava məkanını pozması və mülki obyektlərə zərbə endirməsini İran rejiminin gerçək simasını ortaya qoyan faktor kimi qiymətləndirib. Onun fikrincə, İranda bu davranışlara görə Azərbaycanda kimsə təəccüblənmir, çünki 30 ilə yaxın ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana hər tərəfli dəstək verilib.
Mirzəbəyli qeyd edib ki, 44 günlük müharibə dövründə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə maneə yaratması hər kəsə bəllidir. Azərbaycandan isə İrana heç vaxt, heç bir qonşu ölkəyə, ümumiyyətlə təhlükə olmayıb. Azərbaycan hər zaman humanizm prinsiplərindən çıxış edib. İndiki şəraitdə Naxçıvanın mülki obyektlərinin hədəfə alınması İran rejiminin terrorçu mahiyyətini ortaya qoyan faktordur. Mülki obyektlərə hücum etmək acizlik və qorxaqlıqdır. Bu yanaşma tərzi İranın davranışlarının xaotik olduğunu və rejimin faktiki olaraq başını itirdiyini sübuta yetirən amildir.
Azərbaycanın mülki obyektlərinə endirdiyi zərbə cavabsız qalmayacaq. Bölgədə baş verən proseslərə görə məsuliyyətini İrandan və İrandan daha böyük bir sıra ölkələrdən daha çox dərk edən ölkəmiz mövcud şəraitdə bölgədə sülhün təhlükəsizliyinin əminamanlığın təmin olunması üçün əsas mövqe sərgiləyən ölkələrdən biri kimi çıxış edir. Təsadüfi deyil ki, Türkiyənin hava məkanının pozulmasından sonra atılan addım Azərbaycanın hava məkanının pozulması olub. İran rejimi unutmamalıdır ki, Azərbaycan da Türkiyədə kollektiv müdafiə olunmaq hüquqlarına malikdirlər. İki ölkə arasında imzalanmış Şuşa bəyannaməsi hər hansı bir hücum halında birgə müdafiənin həyata keçirilməsini də zəruri edir. Tək ölkəmiz deyil, eyni zamanda Azərbaycana dost qardaş ölkələr də İran rejiminin davranışlarına münasibətdə adekvat reaksiya verməyə hazırdırlar.