Prezident Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış oldu - RTV

Martın 2-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakı Expo Mərkəzinin həyətində məişət tullantılarını daşıyan texnikalarla tanış olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə Avtomobil Zavodunda istehsal edilən bu texnikalar ölkəmizin müxtəlif şəhər və rayonlarına göndəriləcək.

Ekologiya və Təbii Sərvətlər Naziri Rəşad İsmayılov və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev layihə barədə dövlətimizin başçısına məlumat veriblər. Bildirilib ki, ümumilikdə layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 kommunal texnika istehsal edilib. Kommunal texnikanın iki toplama meydançasından, Bakı şəhərində Expo Mərkəzinin qarşısından və Gəncə şəhərində Avtomobil Zavodunun həyətindən Azərbaycanın 58 şəhər və rayonuna göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Gəncə Avtomobil Zavodunun əsası 1986-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə prezident İlham Əliyevin tapşırığı ilə bu istehsalat müəssisəsi fəaliyyətə başlayıb. Hazırda zavodda 500-ə yaxın işçi çalışır.