Yağan qar ciddi fəsadlar törətdi - RTV

Dünən axşam saatlarından etibarən Şamaxı, İsmayıllı və Ağsu rayonları arasında yağan qar yollarda bir sıra fəsadlar yaradıb. Gecə saatlarında başlayan qar magistral yollarda buzlaşmaya səbəb olub. 4 saylı yol istismar idarəsinin əməkdaşları canlı qüvvə və texnika ilə gecə saatlarından səhərə qədər yollarda buzlanmanın aradan qaldırılması istiqamətində işlər aparıblar.

Buna baxmayaraq, səhər saatlarında Muğanlı-İsmayıllı istiqamətində buzlanma müşahidə olunub. Nəticədə həmin istiqamətdə hərəkətdə olan VAZ 2106 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Avtomobil sürüşərək yoldan çıxıb işıq dirəyinə çırpılıb və dirəyə zərər dəyib. Nəqliyyat vasitəsinə ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Eyni yolda VAZ 2107 avtomobili də buzlaşma səbəbindən yoldan çıxaraq yol kənarına düşüb. Bu hadisə zamanı xəsarət alan olmayıb. Hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda hərəkətə məhdudiyyət yoxdur. Yollar qardan təmizlənsə də, bəzi istiqamətlərdə buzlaşma qalmaqdadır.