Sürücülərə texniki baxışla bağlı müraciət - RTV

Baş Dövlət Yol Polisi fiziki və hüquqi şəxslərə müraciət edərək, istifadələrində olan nəqliyyat vasitələrini vaxtında texniki baxışa təqdim etməyə çağırıb. Müraciətdə nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir etdiyi vurğulanıb.

Baş Dövlət Yol Polisi İdarəsi xidmətdə məmnunluğun təmin edilməsi məqsədilə bu sahədə yaradılmış imkanlardan faydalanmağı tövsiyə edib.

Qeyd olunub ki, paytaxtın Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun ikinci kilometrliyində yerləşən müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş müayinə mərkəzində növbələrin yaranmaması üçün bütün lazımi şərait yaradılıb. Mərkəz təkcə paytaxt əhalisi üçün deyil, respublikanın digər regionlarında qeydiyyatda olan avtomobillərə də xidmət göstərir.

Müayinə mərkəzi həftənin bazar ertəsindən şənbə gününədək saat 09:00-dan 23:00-adək, bazar günü isə saat 09:00-dan 18:00-adək fəaliyyət göstərir.

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı suallar yarandıqda 012 511 08 40 nömrəli qaynar xəttə zəng etməklə cavab almaq mümkündür.