Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 2 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin axşam qısa müddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Səhər saatlarından arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək. Havanın temperaturu gecə 15-18 dərəcə, gündüz isə 19-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 12-17 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Dağlarda isə gecə 6-11 dərəcə, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20-25 dərəcə isti olacağı gözlənilir.