7 kəndi birləşdirən yol çökdü - RTV

Lənkəranın Hirkan Daşdatük Biləsər yolunda asfalt qatının çökməsi nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Sürücülərin sözlərinə görə, Lənkəranda 7 kəndi birləşdirən avtomobil yolunun asfalt qatının çökməsi nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Sürücülər hərəkətin həm çətin, həm də təhlükəli olduğunu bildiriblər.

Yol yatağında yaranmış iri çatlar 20-30 metr kənara doğru genişlənib. Sürücülərin sözlərinə görə, yol üzərində əmələ gəlmiş çatlara yağıntı sularının dolması buradakı sürüşmə aktivliyini daha da artırıb. Nəticədə yol tədricən keçilməz hala düşüb.

Sürücülərdən biri bildirib:

"Bu yolun sol tərəfində çaydır. Suyu yuyur, torpağı aparır. Məcburiyyətən bu yol sürüşüb gedir. Ona görə də gərək aşağıdan betondan çəpər dayaq vurular ki, bu sürüşməsin. Xahiş edirik bizə bu barədə köməklik göstərəsən."

Digər sürücü isə qeyd edib:

"O yol paşdı demək olar ki, bəlkə bir 10-15 gündür belədir. Yağıntı olduğuna görə biraz da çox çöküb. Bu qədər də çökməmişdi. İndi gecə biri gəlsə bilmədən gəldi burda düşsə nə olacaq? Orda bir dənə zına keçməzə qoysalar ki, bir 10-15 metr də bir zınaq qoysalar ki, camaat görsün ki, bu yol çöküb. Ki, gələndə bir sürəti azaltsın, bir keçə bilsinlər, qəza şəraiti törətməsin. Doğrusu çox çətindir. Maşınlarımıza da ziyan dəyir. Özümüz də narahat keçirik bu yolları çox. Elədir də. Heç bunun bu yolun düzəlməsi heç beş il deyil bu yolu düzəldiblər. Görün nə günə qalıb."

Hazırda iri tonajlı yük avtomobilləri həmin yoldan demək olar ki, keçə bilmir. Sakinlərin sözlərinə görə, kəndləri birləşdirən alternativ yol isə yalnız yay aylarında işlək vəziyyətdə olur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sorğuya cavab olaraq bildirilib ki, yolun sözü gedən hissəsi nəzarətdə saxlanılır. Əraziyə baxış keçirilib və mövcud vəziyyət qiymətləndirilib. Texniki təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim olunub. Hava şəraiti imkan verdikdə ərazidə təmir bərpa işlərinə başlanılacaq.