Türkiyədə, Adananın Tufanbeyli rayonunda gölməçədə cəsədi tapılan Bahar Aksütün, münasibətdə olduğu Yeni Cami məhəlləsinin kənd muxtarı Mustafa Arıkan tərəfindən öldürüldüyü ortaya çıxıb. Arıkanın Aksütü abort etdirməkdən imtina etdiyi üçün öldürdüyü iddia edilir.
Hadisə 5 aprel tarixində Tufanbeyli rayonunun Kürebeli yaylasında heyvan otaran çobanların gölməçədə hərəkətsiz uzanmış bir qadını görməsi ilə üzə çıxıb. Çobanlar dərhal jandarmaya xəbər veriblər. Qətlə yetirildiyi müəyyən edilən qadının cəsədi əraziyə göndərilən qruplar tərəfindən aparılan araşdırmalardan sonra yarılma üçün Adana Məhkəmə Tibb Ekspertiza Morquna aparılıb.
Hadisə ilə bağlı başlanan araşdırmada cəsədin doqquz gün əvvəl yoxa çıxan və o vaxtdan bəri xəbər alınmayan Bahar Aksütə məxsus olduğu müəyyən edilib. Erzincandan Tufanbeyliyə gəldiyi bildirilən Aksüt, rayondakı bir barda ofisiant işləyib və bir uşaq anası olub. Yarılma zamanı onun hamilə olduğu və gölməçəyə atılmadan əvvəl səkkiz bıçaq yarası ilə öldürüldüyü məlum olub.
Vilayət Jandarma Komandanlığı qrupları tərəfindən aparılan araşdırmalar nəticəsində Aksütün Yeni Cami məhəlləsinin muxtarı Mustafa Arıkanla münasibətdə olduğu müəyyən edilib. Bu məlumatlara əsaslanaraq araşdırmanı genişləndirən jandarma, Aksütün kənd muxtarı Arıkandan hamilə olduğunu və Arıkanın ona abort etdirmək üçün təzyiq göstərdiyini müəyyən edib. Bundan sonra iki uşaq atası olan evli Arıkan nəzarətə alınaraq həbs olunub.