"TikTok"un başı dərddə: Uşaqların təhlükəsizliyi ilə bağlı ciddi iddialar - RTV

Avropa Komissiyası "TikTok"u rəqəmsal xidmətlər aktında nəzərdə tutulan uşaqların onlayn mühitdə qorunması ilə bağlı qanunları pozmaqda ittiham edib.

Bu barədə qurumun rəsmi saytında məlumat yayımlanıb. Bildirilir ki, platformada azyaşlı istifadəçilərin hesab tənzimləmələri kifayət qədər təhlükəsizlik səviyyəsini təmin etmir. Xüsusilə, uşaqların profillərini açıq rejimdə saxlamaq, onların kibertəhlükə və ya arzuolunmaz əlaqələrə məruz qalması riskini artırır.

Tənzimləyici qurum bildirib ki, "TikTok"dan yeni istifadəçilərin açıq hesabları ilə bağlı təhlükəsizlik tənzimləmələrini dəyişməyə tələb edib. Belə ki, onların paylaşımlarını yalnız özləri təsdiqlədiyi istifadəçilər görə bilməlidir.

Qeyd olunub ki, pozuntular təsdiqlənərsə, şirkət illik qlobal dövriyyəsinin 6%-nə qədər cərimələnə bilər. Bu, son iki il ərzində Avropa İttifaqında "TikTok"a qarşı qaldırılan dördüncü araşdırmadır.

Bundan əlavə, Böyük Britaniyanın media tənzimləyicisi Ofkom da uşaqların zərərli məzmundan qorunması və istifadəçilərin yaşını müəyyənləşdirmə mexanizmlərinin etibarlılığı ilə bağlı platformaya qarşı araşdırma aparır.