Gəncədə bir ana 40 günlük qızından imtina edib. Ana, uşağa baxa bilmədiyi üçün övladını istəmədiyini bildirərək, qız uşağını Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan uşaq xəstəxanasına gətirib. Azyaşlı xəstəxanaya yerləşdirilib.
Təbibin məlumatına görə, 2025-ci il təvəllüdlü azyaşlı qadın cinsi 2-ci ayın 2026-cı il tarixində saat 12:35 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan uşaq xəstəxanasının pediatriya şöbəsinə hospitalizasiya olunub. Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş xəstəsinin infeksiyası diaqnozu qoyulub. Hazırda müalicəsi xəstəxana müalicə şöbəsində davam etdirilir və vəziyyəti stabildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi anaya və övladına sosial dəstək təklif edilsə də, ana bundan imtina edib. Agentlikdən bildirilib ki, qeyd edilən körpə ilə bağlı müraciət ötən ay daxil olub. Müraciətdə körpənin anası müxtəlif səbəblərdən qızına qayğı göstərə bilmədiyini və onun uşaq müəssisələrindən birinə yerləşdirilməsini xahiş edib.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları ilkin qiymətləndirmə məqsədi ilə ananın yaşadığı ünvana səfər ediblər. Qiymətləndirmə zamanı anaya övladına özünün qayğı göstərməsi üçün sosial dəstək tədbirləri ilə əhatə olunması təklif edilsə də, o bundan imtina edib. Bundan sonra körpə müvafiq tibbi müayinələrə yönləndirilib. Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o daimi qayğı ilə əhatə olunması üçün körpələr evinə yerləşdiriləcək.
Əməkdaşlar xəstəxanada azyaşlının anası ilə həmsöhbət olublar. Ana adının çəkilməməyini və danışmaq istəmədiyini bildirib. Şifahi olaraq bildirib ki, özü əməliyyatlı olduğu və imkanı olmadığı üçün uşağa baxa bilmir. Bu səbəbdən körpəsini xəstəxanaya, ordansa körpələr evinə vermək istədiyini bildirib. Ana onu da qeyd edib ki, azyaşlının atası uşaqdan imtina edib. Ananın sözlərinə görə onun 21 yaşı var və özü isə körpələr evində böyüyüb. Hazırda məsələ aidiyyatı qurumların nəzarəti altındadır.