Goranboy rayonunda azyaşlı uşaq ölüb. Fevralın 20-si Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini, 2025-ci il təvəllüdlü körpəyə kəndin ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.
Fevralın 21-də azyaşlı iynənin təsirindən ölüb. Əməkdaşlar Yuxarı Ballıqaya kənd tibb məntəqəsində olublar. Tibb məntəqəsinin əməkdaşı bildirib ki, azyaşlıya iynə vurandan sonra bir qədər gözləyiblər, şok olmayıb. Həmin vaxtı da azyaşlının səhhəti normal olub. Bundan sonra azyaşlı valideynləri tərəfindən aparılıb.
Tibb məntəqəsinin əməkdaşı onu da qeyd edib ki, həmin gün azyaşlının valideyni ilə günün sonuna qədər əlaqə saxlayıb. Məlumata görə, azyaşlı peyvənd olunan gün onunla bərabər kənd sakinləri də peyvənd olunub.
Kənd sakini bildirib:
"Gördüyünüz məntəqədə bizim də uşaq, rəhmətə gedən uşaqla eyni vaxtda peyvənd vurulub. Bizim uşaqda hər hansısa bir narahatçılıq olmayıbdır. Biz də hadisədən bir iki gün sonra xəbərimiz oldu. Vallah təəssüflənirəm, Allah rəhmət eləsin."
Mövcud məlumatlara əsasən, ölüm hadisəsinin anafilaktik reaksiya ilə əlaqəsi təsdiq olunmur. Hazırda fakt üzrə müvafiq qaydada araşdırma davam edir və yekun rəy məhkəmə tibb ekspertizasının nəticələrindən sonra açıqlanacaq. Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.