Fevralın 16-da Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qətl hadisəsi baş verib. Kənd sakini, 52 yaşlı Azər Baxşıyev kəsici-deşici alətlə aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib.
Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, Azər Baxşıyev son dövrlər Bakı şəhərində övladlarının yanında yaşayırdı. İbrahim Babayev onunla əvvəlcədən əlaqə saxlayaraq Cəlilabad rayonuna gəlməsini israr edib. Bakıdan rayona qayıdan Azər İbrahimlə görüşüb və aralarında mübahisə yaranıb. Bu zaman İbrahim Azərə kəsici-deşici alətlə xəsarət yetirib. Ağır xəsarət alan Azər Baxşıyev xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunur ki, tərəflər arasında qohumluq əlaqələri mövcuddur. İlkin versiyaya görə, hadisənin ailədaxili mübahisə zəminində baş verdiyi istisna edilmir.
Hadisə şahidi bildirib:
"Oğlu elə bil doktoranturada oxuyur Bakıda. Yaxşı savadlı uşaqdır. Həm də işləyir. Onun yanında, onun yanında gedib qalırdı son vaxtlar. Mən son vaxtlar özüm bir neçə işlə bağlı zəng eləmişdim ona, elə belə zəng elə o Bakıda qalırdı oğlunun yanında və gəlib bu yaxın günlərdə, dünən gəlib, bu gün gəlib eləcə bu hadisə törənib. Hadisə də törədən də Musalı kənd sakindir. Uzuntəpə kəndində yaşayan adamdır."
Prokurorluqdan verilən məlumata görə, rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İbrahim Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.