Balakən rayonunun Qaysa və Beşəşambul kəndlərində intensiv yağan yağışlar nəticəsində yolları su basıb, bəzi həyətyanı sahələrə və fındıq bağlarına su dolub.
Kənd sakinlərinin bildirdiyinə görə, kəndarası arxlar təmizlənmədiyi üçün güclü yağış zamanı yığılan sular həyətlərə daşaraq müxtəlif fəsadlar törədir. Ümumilikdə Qaysa və Beşəşambul kəndlərində 40-dan çox həyətə su dolub.
Kənd sakini Rövşən Ömərov yaranmış vəziyyətlə bağlı danışıb:
"Ot sahələr suyun içindədir. Ondan sonra, camaatın əkdiyi kartofdur, pomidor, xiyar hamısı suyun içindədir. Demək olar ki, kənd zəhmətkeşlərinə çoxlu miqdarda ziyan dəyib. Belə bu stavatda da gün çıxsa, 70 faiz məhsulun, əkilən məhsulun 70 faizi daha ondan məhsul gözləməyə dəymir."
Digər kənd sakini Ömər Arşayev də vəziyyətin acınacaqlı olduğunu qeyd edib:
"Hər həftədə 10 gün yağış yağdısa, bizdə acınaqlı vəziyyət var. Ev-eşikdə otura bilmirik. Bazavollar suyun altındadır bizim. Bir əkən şey hamı batdı. Mal-qara suyun içindədir. Nə deyim mən, indi bir baxsaqlar bu kanallarımızı təmizləsələr yaxşı olardı."
Kənd sakini Adil Musayev də yaranmış çətinliklərdən bəhs edib:
"Əkinlər də suyun içindədir, hər yer suyun içindədir. Çarə qılıb bir əlac eləyin, bizlər bu sudan çıxaq bu şeydən çıxaq biz. Heç nə, əlacımız yoxdur."
Yaranmış vəziyyətlə bağlı Balakən Rayon İcra Hakimiyyətindən bildirilib ki, yerli icra strukturları tərəfindən əraziyə baxış keçirilib. Ümumilikdə dəymiş ziyan araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.
Balakən Rayon İcra Hakimiyyətinin sektor müdiri Hacı Murad qeyd edib:
"Son dövrlərdə Balakəndə yağan intensiv yağışlar nəticəsində rayonumuzda bir neçə yerlərdə su basma hadisələri qeydə alınmışdır. Məlumdur ki, son zamanlar Balakən rayonuna iqlim normasından artıq olaraq, eyni zamanda Azərbaycana iqlim normasından artıq olaraq yağışlar yağır və bu da ki, müəyyən fəsadlar törətmişdir. Həmin fəsadlar nəticəsində həyətyanı sahələrə və əkin torpaq sahələrinə yağışlar düşmüşdür. Yaxın zamanlarda Fövqəladə Hallar Komissiyası bunun üzərində işlənəcəkdir və selin və suyun fəsadları aradan qaldırılacaqdır."
Sakinləri daha çox narahat edən isə həyətyanı sahələrdəki su çəkildikdən sonra arxada qalan lildir. Çünki qalan lil qatı əkilən tərəvəzlərin köklərinin yanmasına səbəb olur. Qeyd edək ki, Qaysa və Beşəşambul kəndləri Qabaqçöl qəsəbə inzibati ərazisinə daxildir.