Baş Dövlət Yol Polisi İdarəsi şənbə və bazar günləri şəhərlərarası yollarda nəqliyyat axınını nəzərə alaraq sürücülərə səfər öncəsi təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq vacibdir. Əyləc sistemi, sükan idarə etməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır.
Hərəkət zamanı sürət həddini yol şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə ara məsafəsini qorumaq və yalnız icazə verilən yerlərdə ötmə əməliyyatı aparmaq yol nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir. Uzun məsafələrdə isə yorğunluq hiss etdikdə qısa fasilə vermək zəruridir.
Səfər boyunca diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefonlardan istifadədən uzaq durmaq və təhlükəsizlik kəmərindən istifadə etmək isə hər bir sürücünün əsas vəzifəsidir, deyə məlumatda bildirilib.