Gəncə şəhərində yağan güclü yağış fəsadlara səbəb olub. Səhər saatlarından yağan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçəni sel basıb. Qəsəbənin əsas küçələrindən biri sel suları altında qalıb. Sel suları qəsəbədə piyadaların və avtomobillərin hərəkətinə çətinliklər yaradıb.
Sakinlər bildiriblər ki, küçəyə dolan sel suları evlərə ziyan vurub. Onların sözlərinə görə, yay və qış aylarında yağış yağanda küçənin vəziyyəti acınacaqlı olur.
Yerli sakinlər bildirib:
"Yağış yağandan yağana elə belə yağıbdır. Görməcədir bütün hər yer. Nə keçə bilirik, nə gələ bilirik. Uşaq var, qadınlar nə məktəbə gedə bilir, nə keçə bilirlər o üzə. Keçən illəri yoldaşım getdi. Evdə kravat getdi, şifaner getdi, servant getdi, televizor getdi. Bir şey qalmadı. İndi də elə bir şey qalmayıb. Evin çuğı qalıb, o da dörd yerindən çatdayıbdır. Paduqaların hamısı yerə tökülüb. Nə qonşuya baxan var, nə mənə baxan var, nə yetimə baxan var, nə dula baxan var. Oğlum yox, oğlum kömək eləsin, ərim yox, ərim kömək eləsin. Və mənə kim kömək eləməlidir? Suyun içində batıb qalıram."
Sakinlər bununla bağlı aidiyyatı qurumlara məlumat veriblər. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.