Lənkəran rayonunda qətl hadisəsi baş verib. Hadisə nəticəsində iki nəfər ölüb.
Qətl hadisəsi axşam saatlarında Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 70 yaşlı Sərhəd Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 61 yaşlı Balaqız Məmmədovaya atəş açaraq onu qətlə yetirib. Daha sonra Sərhəd Məmmədov həmin silahla özünü öldürüb.
Hadisə şahidi bildirib:
"Evdə idim, zəng gəldi oğluma. Çıxdıq, bu yerdə gəldik bura. Oğlum dostumun oğlu ilə. Həm də mənim qardaşım qızı, mənim gəlinidir. Gəldik çatdırdı, gördük dayı hadisə baş veribdir. Çox gözəl ailə, çox sakit, çox mədəni ailədirlər. Yaxşı insanlardır. Biz özümüz də bilmirik necə baş verib hadisə. İnanmağımız gəlmir. Sakit ailə idi. Mən bu günəcən belə bir şey eşitməmişəm onlardan. Mənə pis təsir bağışladı. Heç gözləməyən bir hadisədir bu."
Hadisə yerinə hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub. Cinayətdə istifadə olunan ov tüfəngi maddi sübut kimi götürülüb. Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.