Müdafiə Nazirliyinin məsul şəxsinə qarşı külli miqdarda rüşvət almaqda ittiham irəli sürülüb. Həmin şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, Əvəz Əlioğlu Rüstəmov Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin Salyan rayon Mənzil İstismar Hissəsinin bölmə rəisi, habelə həmin hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə qanunsuz əməllər törətməkdə təqsirləndirilir. Vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması barədə nazirlikdən daxil olmuş material əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla müəyyən edilib ki, Əvəz Rüstəmov qeyd olunan vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib. O, ona müraciət etmiş qeyd olunan hissənin işçilərindən və digər vətəndaşlardan xidməti mənzillə təmin olunması, kirayə müqaviləsinin tərtib edilməsi və onların qeydiyyata alınması müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən alıb. Həmçinin, vəzifə saxtakarlığı törətməsi, işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alver etməsi əsaslı şübhələr müəyyən edilib.
<