Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib. Aprelin 14-də rayonun 20 Yanvar küçəsində yerləşən yaşayış binasında partlayış qeydə alınıb.
Hadisə şahidi partlayış səsi eşitdiklərini bildirib:
"Partlayışı eşitdik, çıxdıq. Amma görünmüşdü ki, göydən çəçə gəlir. Yoldaşım görmüşdü. Mən içərdən. O dedi göydə uçurdu, gəldi düşdü."
Müxbir Xanım Cavanşirqızının məlumatına görə, hadisə bu binada baş verib. Belə ki, mənzillərdən birinin eyvanında kondisionerə qaz vuran zaman 34 yaşlı usta Ömər Məhərrəmli partlayış nəticəsində 15-ci mərtəbədən yerə yıxılıb və hadisə yerində həyatını itirib.
Hadisə zamanı eyvanda olan digər şəxslər də xəsarət alıb. Təbibdən verilən məlumata görə, hadisə nəticəsində 40 yaşlı kişiyə və 29 yaşlı qadına yerindəcə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.