Şəmkirdə ağır qəza -Ölən var - RTV

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Şəmkir-Sabirkənd-Zəyəm yolunda qeydə alınıb. Zəngilan rayon sakini, 33 yaşlı Sucəddin Şükürlü idarə etdiyi "Tofaş Şahin" markalı avtomobili idarə etməyi itirərək yol kənarında olan ağaca çırpılıb. Qəzadan sonra avtomobil yolun kənarına aşıb.

İçində hərbçilər olan avtomobilin ağaca çırpılması zamanı minik maşının sərnişini, İsmayıllı rayon sakini, 38 yaşlı Altun Mustafayev hadisə yerində ölüb. Minik maşında olan üç nəfər isə xəsarət alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan yaralıların vəziyyəti ilə bağlı məlumat verilib:

Saat 16:30 radələrində Şəmkir rayon ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində üç nəfər kişi cinsli xəstə Şəmkir rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuşdur. Xəstələrə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulmuşdur. 1993-cü və 1994-cü il təvəllüdlü xəstələrin müalicəsi hal-hazırda reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 1997-ci il təvəllüdlü şəxsə isə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Qəza zamanı xəsarət alanlar avtomobilin sürücüsü, Zəngilan rayon sakini, 33 yaşlı Sucəddin Şükürlü və digər sərnişinlər Quba rayon sakini, 32 yaşlı Samir Qurbanov və Şamaxı rayon sakini, 29 yaşlı Namiq Əsgərovdur. Qəzada ölən minik maşının sərnişini, İsmayıllı rayon sakini, 38 yaşlı Altun Mustafayevin meyiti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin publik hüquqi şəxsi Şəmkir rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.