Bakı şəhərinin Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında yerləşən mənzillərin birində 71 yaşlı qadının meyiti aşkar edilib. RTV-yə istinadən verilən xəbərə görə, vəfat edən şəxs Leyla Şeyxzamanova olub. O, Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi və elmlər doktoru vəzifələrində çalışmışdı.
Leyla Şeyxzamanova mərhum Xalq artisti, aktyor Məmmədrza Şeyxzamanovun qardaşı qızıdır. Bildirilib ki, uzun müddət tək yaşayan qadın iki həftədən çox idi ki, mənzildən çıxmırmış. Binadan pis qoxu gəlməsi səbəbindən qonşular polisə müraciət ediblər.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Pəncərədən mənzilə daxil olan əməkdaşlar 71 yaşlı qadının hamam otağında vəfat etdiyini müəyyən ediblər. Həyata keçirilən tədbirlər nəticəsində qadının meyiti mənzildən çıxarılıb.