ABŞ-də azərbaycanlı tələbə saxlanıldı - Mamdani Trampla danışıb sərbəst buraxdırdı - RTV

Amerika Birləşmiş Ştatlarının immiqrasiya və gömrük xidmətinin agentləri Kolumbiya Universitetinin tələbəsi Elmin Ağayevanı digər üç tələbə ilə birlikdə kampusunun yaşayış binasında saxlayıblar. Bu barədə Azərbaycan əsilli tələbə İnstagram hesabında paylaşım edib.

Elmin Ağayeva paylaşımında "Daxili təhlükəsizlik departamenti məni qanunsuz saxlayıb. Xahiş edirəm kömək edin" sözlərini qeyd edib. Bildirilir ki, federal agentlər məhkəmə qərarı olmadan kampusunun ictimai olmayan ərazisinə daxil olaraq onu saxlayıblar. Bu, kampus ərazisində tələbə etirazlarına səbəb olub. Yüzlərlə tələbə yaşayış binasının qarşısına toplaşaraq Ağayevanın azad edilməsini və tələbə hüquqlarına riayət olunmasını tələb ediblər.

Universitetin məlumatına görə, Elmin Ağayeva artıq sərbəst buraxılıb və yataqxanaya qayıdıb. Elmin Ağayeva özü də bununla bağlı paylaşım edərək hər şeyin qaydasında olduğunu bildirib. O, baş verənlərdən şok keçirdiyini və özünə gəlmək üçün bir qədər vaxta ehtiyac duyduğunu qeyd edib.

Onun azad edilməsində Nyu-York şəhərinin meri Zohran Mamdani də rol oynayıb. O, X hesabında vəziyyəti Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampla müzakirə etdikdən sonra tələbənin dərhal azad olunacağını bildirib.

Dövlət Təhlükəsizliyi Departamentinin rəsmi nümayəndəsinin məlumatına görə, tələbənin vizası hələ 2016-cı ildə dərslərdə davamlı iştirak etmədiyinə görə ləğv edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə kontent yaradıcısı kimi tanınan Ağayeva gündəlik həyat videoları və immiqrant kimi kollecdə təhsil almaqla bağlı məsləhətlər paylaşaraq geniş izləyici kütləsi toplayıb.