Koxalski “Qarabağ”dan gedir? - RTV

“Qarabağ” futbol klubunun qapıçısı Mateusz Koxalski mövsümün sonunda komandadan ayrıla bilər.

RTV Futbolinfo.az-a istinadən verilən xəbərə görə, buna səbəb polşalı qolkiperə həddən artıq marağın olmasıdır. Ağdam klubunun heyətində bu mövsüm UEFA Çempionlar Liqasında parlaq çıxışla diqqət çəkən 25 yaşlı qapıçı bunun sayəsində Polşa millisinə dəvət alıb.

Koxalski millinin daimi üzvünə çevrilmək və bir nömrəli qolkiper olmağı arzulayır. Bunun üçün isə daha yüksək səviyyəli çempionatlarda çıxış etməyi hədəfləyir. Futbolçu əsasən ölkəsi Polşada “Widzew” və “Lech” kimi klublardan rəsmi təklif alıb. Lakin o, daha böyük liqalarda oynamağa niyyətindədir, xüsusən də "Böyük beşlik" ölkələrindən dəvət gözləyir.

Digər tərəfdən, “Qarabağ” Koxalskini əldən buraxmaq istəmir. Bu səbəbdən ona yeni müqavilə təklif olunacaq. Qapıçı yeni sözləşməyə yaxın durmasa, Ağdamlılar onu mövsümün sonunda sərfəli qiymətə satmaq qərarına gəliblər. Əks təqdirdə, Koxalski 2027-ci ilin yayında azad agent kimi klubu tərk edəcək.