"Neftçi"dən Elvin Cəfərquliyevin transfer xəbərinə REAKSİYA - RTV

Son günlər Azərbaycan futbol gündəmində diqqət çəkən iddialardan biri də Elvin Cəfərquliyevin "Neftçi" futbol klubuna mümkün keçidi ilə bağlıdır. Sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlara görə, futbolçunun paytaxt təmsilçisi ilə anlaşmaya yaxın olduğu bildirilir.

Qeyd olunur ki, peşəkar futbolçunun 670 min avro dəyərində "Neftçi"yə keçidi ilə bağlı razılıq əldə olunub.

Məsələ ilə bağlı RTV "Neftçi" futbol klubuna sorğu ünvanlayıb. Klubdan verilən cavabda bildirilib:

"Hazırda hər hansı futbolçunun komandaya transferi ilə bağlı konkret müzakirələr aparılmır və yayılan məlumatlar təsdiqini tapmır."

Açıqlamada həmçinin qeyd olunub ki, hazırda komandanın bütün diqqəti qarşıdakı oyunlara və mövsüm çərçivəsində qarşıya qoyulan hədəflərə yönəlib. Klub daxilində əsas prioritetin mövcud heyətin hazırlığı, oyun intizamının gücləndirilməsi və uğurlu nəticələrin əldə olunması olduğu vurğulanıb. Bununla yanaşı, klub rəsmiləri transfer məsələləri ilə bağlı rəsmi qərarların yalnız müvafiq vaxtda ictimaiyyətə açıqlanacağını diqqətə çatdırıblar.