Azərbaycanlı stolüstü tennisçi Nihat Məmmədov dünya rekorduna imza atıb. İdmançı topu uzaq məsafədən oyuna daxil etmə üzrə Guinness Rekordunu müəyyənləşdirib.
Nihat Məmmədov bildirib ki, əvvəlki rekord Türkiyə təmsilçisi Osman Gürzü tərəfindən 16.7 metr məsafədən qırılmışdı. O, məşqlər zamanı bu bacarığının olduğunu aşkarlayıb:
"Məşqlərdə məşq elədim və gördüm ki, bu məndə alınır. Həqiqətən mənim özümə də maraqlı gəldi ki, necə olur ki, bacardıq."
Bu rekordu yeniləmək üçün Nihat Məmmədova məşqçisi və yoldaşları stimul verib. Nəticədə, idmançı qərar qəbul edib:
"Qərara gəldim ki, artıq Guinness Dünya Rekordlar Kitabına düşməyin vaxtıdır."
Proses dünən baş verib və bu gün bütün sənədlər Guinness Dünya Rekordlar Kitabına göndərilib. Dörd və səkkiz həftə ərzində cavabların geri dönüş edəcəyi gözlənilir. Nihat Məmmədov topu 17 metr məsafədən oyuna daxil edərək əvvəlki nəticəni geridə qoyub və yeni dünya rekordunun sahibi olub.