Son günlər Türkiyə və yerli mediada “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Beşiktaş”ın baş məşqçisi postuna namizədlər arasında yer aldığı iddia edilirdi. Bir neçə gün öncə Sergen Yalçınla yollarını ayıran İstanbul təmsilçisinin komandanı etibar etmək istədiyi namizədlərdən birinin də məhz “Qarabağ”ın çalışdırıcısı olduğu bildirilirdi. RTV xəbər verir ki, məsələ ilə bağlı olaraq “Beşiktaş”ın idman direktoru Öndər Özen Teleqrafa açıqlama verib.
Öndər Özen bildirib ki, hazırda yeni baş məşqçi ilə bağlı adlar dəqiqləşməyib.
"Qurban Qurbanovla bağlı hər hansı bir təşəbbüsümüz və ya marağımız yoxdur. Qurban müəllim çox dəyərli, son dərəcə uğurlu bir mütəxəssisdir və ona böyük hörmət bəsləyirik. Ancaq hazırda “Beşiktaş” klubunun gündəmində belə bir məsələ mövcud deyil. Yayılan xəbərlərin də klubla heç bir əlaqəsi yoxdur."
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.