"Bu əmsal artmır, biz elə yerində sayırıq" - RTV

Azərbaycanın özünü buğdayla təmin etmə səviyyəsi cəmi 55% təşkil edir və bu əmsal artmır. Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu barədə danışıb.

Dövlət başçısı bildirib ki, neçə ildir buğda istehsalı eyni səviyyədə qalır. O qeyd edib ki, əvvəlki illərdə kənd təsərrüfatına böyük təkan verilmiş, bir çox aqroparklar yaradılmışdır. Prezident vurğulayıb ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynasa da, buğda istehsalı və onun özünü təmin etmə əmsalı artmır.

Müşavirədə verilən məlumatlara görə, daxili buğda istehsalı 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min ton təşkil edir. Prezident İlham Əliyev idxalın azaldılmasının vacibliyini qeyd edib:

"Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymalıyıq ki, 100% özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55% qəbul edilməz rəqəmdir və bu mütləq artmalıdır."