Pensiya kapitalı nə qədər artırıldı? - RTV

Azərbaycan prezidentinin sərəncamına əsasən, əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində sığortalananların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-nə dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilib.

Deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında bildirib ki, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5,6% olub.

V.Bayramov qeyd edib ki, bu o deməkdir ki, vətəndaşların 2026-cı il yanvarın 1-nə olan pensiya kapitalları 5,6% artırılıb. Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2240 manat əlavə olunur. Nəticədə həmin vətəndaşımızın pensiya kapitalı 42240 manata çatır.

Deputat bildirib ki, pensiya kapitalının indeksləşdirilməsi yığılan pulların inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimuma endirməkdir.