Vaşinqton regiondakı müttəfiq ölkələrdən birinə ABŞ-nin İrana mümkün hərbi hücumunun bazar günü başlaya biləcəyi barədə məlumat verib. Bu barədə Amerika Birləşmiş Ştatları mətbuatı yazır. Məlumata əsasən hücumun əsas hədəfi İran rəhbərliyi, eləcə də ölkənin nüvə və ballistik raket infrastrukturu ola bilər. Prezident Donald Trampın "İrana razılaşma üçün son tarix verdim" açıqlamasından sonra Amerika mediasında bu tarixlə bağlı iddialar artmaqda davam edir. "Drudge Report News"-un məlumatına görə ABŞ-nin yüksək vəzifəli rəsmiləri Trampın bu həftə sonu İrana hücum qərarını təsdiqləyə biləcəyini müttəfiq ölkəyə çatdırıblar. Mənbələr hücumların bazar günü başlayacağını iddia edirlər. Bildirilir ki, Tramp administrasiyası mümkün hücumun uğurlu olacağı təqdirdə ölkə daxilində kütləvi etirazların yenidən başlaya biləcəyini və bunun hökumətin devrilməsinə gətirib çıxara biləcəyini hesablayır. ABŞ Mərkəzi Komandanlığı isə bu iddialara münasibət bildirməkdən imtina edib. Digər tərəfdən ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında həftə sonu keçirilməsi planlaşdırılan İran hərbi təlimləri ilə bağlı xəbərdarlığı yayıb. Sentkom İran İnqilab Keşikçilərini təlimlər zamanı ABŞ qüvvələrindən uzaq durmağa çağırıb. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Ağ Evdə keçirilən imzalanma mərasimində İranla bağlı açıqlama verib. "Biz İrana çoxlu sayda gəmi göndəririk. Ümid edirəm ki, razılaşma əldə edə bilərik. Əgər razılaşma olsa, bu yaxşıdır. Əks halda nə olacağını görəcəyik". İrana razılaşma üçün son tarix verib-vermədiyi sualına isə Tramp "Bunu yalnız onlar bilir" cavabını verib. İranın ali rəhbəri Əli Xameneyinin müşaviri Əli Şamxani isə mümkün münaqişə halında İranın sərt cavab verəcəyini bildirib. Onun sözlərinə görə, İranın cavabı İsrailin dərinliklərində hədəflərin vurulmasını da əhatə edə bilər.