Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində fəaliyyət göstərən fiziki şəxs Hüseyn İsa oğlu Xəlilzadəyə məxsus "Bay Fateh" ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiət edici sənədlərin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırma əlamətləri olan "Chivas" əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Qeyd edək ki, "Bay Fateh" restoranı meyxanaçı Aqşin Fatehə məxsusdur.