Misli Premyer Liqasında çıxış edən Karvan Yevlax, Kəpəz və Turan Tovuz klubları cərimələnib. Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Yevlax təmsilçisi 18-ci turda Sumqayıtla oyunda əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduğuna görə 1000 manat cərimə ödəyəcək.
Kəpəz də Şamaxı ilə qarşılaşmaya görə eyni səbəbdən 1000 manat cərimələnib. Gəncə klubu əlavə 5000 manat da ödəməli olacaq. Sözügedən qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olub və bu hal cari mövsümdə ikinci dəfə təkrarlanıb. Turan Tovuz isə Qarabağla matçda 6 nəfər sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.