“Əfsuslar olsun ki, onkoloji xəstələrin sayı artır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 21 088 nəfər olub. 2024-cü ildə 73 875 nəfər olub. Bu say 24 il ərzində təxminən 3,5 dəfə artıb”. Bu sözləri Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, deputat Hicran Hüseynova deyib. O bildirib ki, ən narahat edici məqam isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır. 0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7,1 uşaq, 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10,6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstəliklərin sayı iki dəfə artıb. Bu rəqəmlər rəsmi statistik göstəricidir. Əlbəttə ki, bir mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətli xidmət göstərməkdə çətinlik çəkir. Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaq. Həm də bu sahədə tibbi resursların artmasına səbəb olacaq. Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün də mühüm hüquqi baza ola bilər. Lakin həmin özəl klinikaların müasir cihazlarla təmin olunmasına, ixtisaslı kadrların hazırlanmasına ehtiyac yaranır. Bu məsələyə də xüsusi diqqət verilməlidir”, - deyə deputat vurğulayıb.