Cəlilabadda bir nəfəri qəsdən öldürmə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etmə faktı üzrə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış Həqiqət Nağıyeva və Hüseyn Nağıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, 29 və 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb. Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir. Qeyd edək ki, Nağıyev yeniyetmələrə balta ilə xəsarət yetirib.