Festival çox yüksək səviyyədə keçdi - Polad Bülbüloğlu - RTV

Millət vəkili Polad Bülbüloğlu Bakının beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və Şuşanın yenidən qurulması prosesi ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, Bakı bir neçə dünya səviyyəli tədbirlər keçirib və bu sahədə təcrübəsi var. Şəhərdə bu işləri həyata keçirən mütəxəssislər mövcuddur. Polad Bülbüloğlu doğma şəhərində bu cür yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsindən məmnunluğunu ifadə edib.

Polad Bülbüloğlu qeyd edib:

"Bakıda müasir üsullardan qədimliyi saxlamaqla istifadə olunmalıdır."

O, Bakının artıq dünya səviyyəsində böyük beynəlxalq tədbirlərin keçirilməsində yüksək bir yer tutduğunu vurğulayıb. Həmçinin, son altı ildə görülən işlərə toxunaraq yolların salınması və evlərin tikilməsi kimi böyük layihələrin həyata keçirildiyini qeyd edib.

Şuşanın bərpası haqqında danışan millət vəkili, artıq 1500 nəfər sakinin Şuşada yaşadığını bildirib. O əlavə edib ki, ikinci sırada evlər tikilir və gələn ildən başlayaraq insanlar ora köçürüləcək.

Polad Bülbüloğlu 1989-cu ildə ilk dəfə Xarı Bülbül festivalını Şuşada keçirdiyini xatırladıb və qeyd edib:

"Məhz onun göstərişi ilə və onun himayəsi altında artıq altıncı festival çox yüksək səviyyədə keçirilir."

O, bütün dünyadan qonaqların Qarabağı və Şuşanı görmək üçün gəldiyini, Bülbülün muzeyinin fəaliyyət göstərdiyini və Şuşaya gələn turistlərin Bülbülün məkanına baş çəkməsindən sevinc hissi keçirdiyini sözlərinə əlavə edib.